Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

19 oktyabr 2017 | 08:10

Oktyabrın 17-də Şəkidə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi altıncı ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilmişdir.
   Şəki Dövlət Regional Kollecinin akt zalında keçirilən tədbirdə ictimaiyyətin nümayəndələri, ziyalılar, gənclər iştirak etmişdir.
    Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçının müavini Zərinə Cavadova geniş məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, 1993-cü ilin iyun günlərində Azərbaycan xalqı taleyinin ən çətin, ağır dönəmində, nəinki yenicə bərpa edilmiş müstəqilliyin, hətta ölkənin özünün müqəddəratının sual altına düşdüyü bir vaxtda  son dərəcə düzgün qərar qəbul etdi: dünya şöhrətli siyasi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etdi.
   Qeyd olunmuşdur ki, Ulu öndərin rəhbərliyi ilə ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu. Ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
    Vurğulanmışdır ki, bu gün, ölkə başçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, sözün əsl mənasında, tam müstəqil ölkədir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.
    Sonra tədbirdə dövlət müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

Keçidlər