Şəkidə Azərbaycanın xalq artisti Sona Hacıyevanın yubileyi münasibətilə xatirə tədbiri keçirilib
Oktyabrın 24-də Azərbaycanın xalq artisti, aktrisa Sona Hacıyevanın anadan olmasının 110 illiyinə həsr olunmuş “Dünya, səndən kimlər keçdi” adlı xatirə tədbiri keçirilib.
M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, aktrisanın ailə üzvləri iştirak edib.
Əvvəlcə xalq artisti Sona Hacıyevanın yaradıcılığına həsr olunmuş videorolik nümayiş olunub.
Sonra tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova yubilyarın həyat və yaradıcılığından danışıb.
Bildirilib ki, aktrisa Sona Hacıyeva uzun illər Azərbaycan Dövlət Dram Teatrında çalışaraq müasir və klassik dramatuqların əsərlərinin tamaşalarında diqqəti cəlb edən obrazlar yaradıb. Eyni zamanda, o, Opera və Balet Teatrında da çıxış edib. Onun yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları tamaşaçılar tərəfindən çox maraqla qarşılanıb.
Qeyd olunub ki, Sona Hacıyeva eyni zamanda Azərbaycan kino sənətinin inkişafına xidmətlər göstərib. O, ”Bəxtirar”, “Qızmar günəş altında”, “Səhər”, ”O olmasın, bu olsun” bədii filmlərində çəkilib.
Diqqətə çatdırılıb ki, aktrisanın səhnə fəaliyyəti yüksək qiymətləndirilib. O, 1933-cü ildə Əməkdar artist, 1949-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2016-cı ildə Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Şəki şəhərindəki küçələrdən birinə onun adı verilib.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra hakimiyyətinin başçısının müavini Zərinə Cavadova aktrisa Sona Hacıyeva haqqında xatirə və düşüncələrini bölüşüb.
Sonda yubilyarın ailə üzvləri adından çıxış edən Vaqif Əhmədov tədbirin ərsiyə gəlməsində xidmətləri olan hər bir kəsə öz təşəkkürünü bildirib.
Tədbirdə aktrisanın rol aldığı filmlərdən kadrlar nümayiş olunub. oynadığı tamaşalardan parçalar təqdim olunub, xalq mahnıları səslənib.