Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi xalq sənətkarlığının inkişafına böyük töhfədir

07 noyabr 2017 | 10:11

Şəki şəhərinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi barədə qərar şəhər ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanıb.
Noyabrın 6-da Şəki Şəhər İcra Hakimiyyətində keçirilən geniş şura iclasında təşkilatın bu qərarı ətraflı müzakirə olunub, görüləcək işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib.
İclasda çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsini şəhərin həyatında çox mühüm hadisə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, qərarın qəbul edilməsi Şəkinin beynəlxalq səviyyədə tanıdılması üçün atılan növbəti uğurlu addımlardan biridir. Təşkilatın bu qərarı son illər ölkəmizdə mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
İclasda şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının YUNESKO yanındakı daimi nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində Şəki şəhəri “Yaradıcı şəhərlər şəbəkəsi”nin “sənət və sənətkarlıq” tematikası üzrə siyahıya salınıb.
Diqqətə çatdırılıb ki, YUNESKO-nun baş direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına 44 ölkədən 64 şəhər daxil edilib. Şəbəkənin yaradılmasında məqsəd xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, həmçinin şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və davamlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Bu baxımdan, YUNESKO-nun bu qərarını Şəkinin xalq sənətkarlığının inkişafında yeni mərhələnin başlanğıcı saymaq olar.
Bildirilib ki, qədim dövlətçilik ənənələrinə, zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olub. El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən şəkili sənətkarların fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb. Dəmirçilik, misgərlik, dulusçuluq, papaqçılıq, şəbəkə, ağac üzərində oyma, ipəkçilik və digər istehsal sahələri Şəki sənət məbədinin başlıca sütunlarını təşkil edib. Şəki sənətkarlarının yüzillər boyunca əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb. Təsadüfi deyil ki, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramına əsasən, Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunub.
İclasda bərpaçı rəssam Sehran Məmmədov, gənc şəbəkə ustası İlqar Rəsulov, Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İradə Abdullazadə və başqaları çıxış edərək, Şəki şəhərinin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsini milli-mənəvi dəyərlərimizin, tarixi keçmişimizin, maddi-mədəniyyət abidələrimizin qorunması istiqamətində ölkə rəhbərliyinin diqqət və qayğısının bariz nümunəsi olduğunu bildiriblər.

Keçidlər