Şəkinin ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı şəhər təhsil şöbəsinin xüsusi tədbirlər planına uyğun olaraq Şəkinin ümumtəhsil məktəblərində ulu öndərə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Yubiley tədbirləri çərçivəsində aprelin 6-da şəhərdəki 14 nömrəli tam orta məktəbdə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda ədəbi-bədii gecə keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyev haqqında yazılmış kitabların sərgisi ilə tanış olmuş, şagirdlərin ulu öndərə həsr etdikləri rəsmlərə baxmışlar.
Tədbirdə qeyd olunmuşdur ki, xalqımız bütün həyatını Azərbaycan xalqının tərəqqisinə, yüksəlişinə və inkişafına həsr etmiş ümummilli lider, türk dünyasının böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin 90 illik yubileyini böyük təntənə qeyd etməyə hazırlaşır. Dahi şəxsiyyətin yubileyi ilə bağlı respublikanın hər yerində olduğu kimi, Şəkinin təhsil müəssisələrində də silsilə tədbirlər həyata keçirilir, inşa yazı, şeir və rəsm müsabiqələri təşkil olunur. Çıxış edənlər ümummilli liderimizin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi dəyərlərimizin qorunmasına əvəzsiz töhfələrdən bəhs etmiş, ulu öndəri Azərbaycan xalqının bütün tarixi ərzində yetişdirdiyi ən qüdrətli şəxsiyyət kimi qiymətləndirmişlər.
Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.