Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində zona seçim turu keçirilib

13 noyabr 2017 | 02:11

Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə keçirilən “Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində regionlar üzrə növbəti seçim turu noyabrın 12-də Şəki şəhərində reallaşıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən zona turunda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının gənc intellektləri iştirak ediblər.
Açılış mərasimində Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov çıxış edərək, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasında belə intellektual oyunların əhəmiyyətini xüsusi vurğulayıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Layihə barədə məlumat verən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, gənclərin maraq göstərdiyi sahələrlə bağlı layihələrin həyata keçirilməsi ölkə gəncliyinin ictimai fəallığının artırılmasına kömək edən təsirli vasitələrdən biri hesab olunur. Diqqətə çatdırılıb ki, 2016-cı il fevralın 2-də Gənclər Gününə həsr olunan görüşdə Prezident İlham Əliyev intellektual oyunların və intellektual televiziya proqramlarının gənclərin hərtərəfli inkişaf etdirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Dövlətimizin başçısının tövsiyyəsini nəzərə alaraq, “İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkil olunması, könüllülük prinsipinin geniş şəkildə təbliği, beynəlxalq arenada rəqabətə davamlı intellektual bazanın yaradılması məqsədi ilə ölkə daxilində davamlı olaraq təşkil edilən bir neçə yarışın bazasında artıq ikinci ildir ki, “Azərbaycanın İntellektual Birincisi” layihəsini həyata keçirir.
Sonra iştirakçılar 4 intellektual oyun – “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap” və “Vətəni tanı” oyunları üzrə keçirilən yarışlarda bilik və bacarıqlarını nümayiş etdiriblər.
Zona seçim turunda “Nə? Harada? Nə zaman?” intellektual oyununda Şəki, “Axtar-tap” və “Vətəni tanı” oyunlarında Balakən, “Xəmsə” intellektual oyununda isə Qax rayonunun gənc intellektualları qalib gələrək yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Keçidlər