“Ölkəmizi tanıyaq”: qədim Şəki tur-aksiya iştirakçılarını qəbul edib
Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən 6 rayonun – Saatlı, Sabirabad, həmçinin məcburi köçkün rayonlarından olan Kəlbəcər, Laçın, Xocalı və Xocavənd məktəblilərindən ibarət qruplar ekskursiyanın ikinci günü, noyabrın 12-də səhər saatlarında qədim Şəkiyə gəliblər.
Tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə qısa məlumat verib. Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Turizmin inkişaf etdirilməsi üçün əlverişli coğrafi şəraitin və infrastrukturun mövcud olduğu Şəki, eyni zamanda, festivallar şəhəri kimi də tanınır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.
Məktəblilərin diqqətinə çatdırılıb ki, Şəki əsrlər boyu ipəkçilik ənənələrinin qorunub saxlandığı bir diyar olub. İpəkçilik bütün dövrlərdə şəkililərin həyatında, məişətində özünəməxsus yer tutub. Şəki bu gün də öz ipəkçilik məhsulları ilə dünyada məşhurdur. Bu şəhərdə fəaliyyət göstərən “Şəki-İpək” ASC şimal-qərb bölgəsinin ən böyük sənaye müəssisələrindən biri hesab olunur.
Bildirilib ki, son illər Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə respublikamızda ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi, ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, cari ildə Azərbaycanda yaş barama istehsalı ötən illə müqayisədə 3 dəfədən çox artaraq 244 tona çatıb. İstehsalın artması “Şəki-İpək” ASC-nin fəaliyyətini yenidən canlandırıb.
Tur-aksiya iştirakçılarının qədim Şəki ilə ilk tanışlığı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. Məlumat verilib ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var.
XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq oyadıb. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Məktəblilər ilk dəfə gördükləri sarayın gözəlliyinə heyran qaldıqlarını bildirib, xatirə şəkilləri çəkdiriblər.
Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olublar. Qeyd edilib ki, hazırda burada Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır.
Məktəblilər qoruğun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanalarına da baş çəkiblər. Diqqətə çatdırılıb ki, Şəki əsrlər boyu sənətkarlar məskəni olub. Şəki sənətkarlarının yüzillər boyu əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb.
Qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı bildirilib ki, Şərq memarlığı üslubunda tikilən kompleks 300-dək otaqdan ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda karvansaray mehmanxana kimi fəaliyyət göstərir.
Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər.