Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin tütün qəbulu məntəqəsinə indiyədək fermerlərdən 4,6 min ton yaşıl kütlə daxil olub

17 noyabr 2017 | 02:11

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı başa çatmaq üzrədir. “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə mövsümün əvvəlindən indiyədək 4 min 623 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, bu günədək məntəqədə 692 ton quru tütün istehsal edilib.
Bu barədə AZƏRTAC-a məntəqənin müdiri Kamran Şərifov məlumat verib.
O bildirib ki, mövsümün sonu olduğu üçün hazırda məntəqədə olan 56 odla tütünqurutma kamerasından yalnız 35-i işlək vəziyyətdədir. Bu məntəqəyə Şəki ilə yanaşı, qonşu Oğuz rayonunun təsərrüfatlarından da yaşıl tütün kütləsi daxil olur. Qurudulmuş tütün “Azərtütün” MMC-nin Zaqatala rayonunda fəaliyyət göstərən emal zavoduna göndərilir.
Məntəqə müdirinin məlumatına görə, rayonun Şorsu kəndindən olan fermer Elxan Hacıəliyev indiyədək müəssisəyə hamıdan çox - 215 ton yaşıl tütün kütləsi təhvil verib. Baş Göynük kəndindən Rafiq Məmmədov cari mövsümdə sahələrdən 162 ton, Şorsu kəndindən Mayıl Məmmədov isə 167 ton yaşıl tütün kütləsi tədarük edib.
Xatırladaq ki, bu il Şəki rayonunun təsərrüfatlarında 843 hektar sahədə tütün yetişdirilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 58 hektar artırılıb.

Keçidlər