Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulan Şəki məktəbliləri ölkəmizin şimal bölgəsinə yola düşüblər

17 noyabr 2017 | 10:11

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyaya qoşulan Şəki məktəblilərindən ibarət qrup noyabrın 16-da səhər saatlarında Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola salınıb.
Aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyəti binasının qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qrup rəhbəri, icra hakimiyyətinin məsul əməkdaşı Günəş Əzimova AZƏRTAC-a bildirib ki, “Ölkəmizi tanıyaq” layihəsi gənclərin dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır. Tur-aksiyanın hazırki mərhələsinin ilk turunda respublikamızın 11 şəhər və rayonundan olan 360 məktəbli Şəkinin tarixi məkanları ilə tanış olmaq imkanı əldə edib. Noyabrın 16-da startı verilən ikinci turda isə bu qədim diyara daha 9 rayondan məktəblilər yola düşür.
Şəhərdəki 10 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Aytac Yusifova sevincini belə ifadə edib: “Bu gün ölkəmizin gözəl guşələrindən birinə yola düşürük. Şimal bölgəsinin füsunkar təbiətini, qədim tarixi abidələrini öz gözlərimizlə görəcəyik. Bu layihə dövlətimizin başçısının biz gənclərə verdiyi dəyərin ifadəsidir”.
Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusa əyləşərək marşrut üzrə yola düşüblər.

Keçidlər