Şəki tur-aksiyanın növbəti iştirakçılarını qəbul edib
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində məktəblilərin bir qrupu noyabrın 18-də qədim Şəkidə olub.
Füsunkar təbiəti və tarixi-memarlıq abidələri ilə zəngin olan qədim Şəkinin budəfəki qonaqları Ağdaş, Füzuli, Göygöl, Siyəzən və Tovuz məktəbliləri idi.
Ənənəyə uyğun olaraq, tur-aksiyanın iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə qısa məlumat verib.
Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Əsrarəngiz təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir. 2016-cı ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şəki şəhəri bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlib.
Səfər proqramına uyğun olaraq, tur-aksiya iştirakçıları şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Qoruğu əhatələyən əzəmətli qala divarları məktəblilərin böyük marağına səbəb olub. Diqqətə çatdırılıb ki, qoruğun ərazisində dövlət tərəfindən qeydiyyata alınmış 25 tarixi abidə var. Bu ərazidə təbiət gözəllikləri ilə insanların yaratdıqları qədim abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır.
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq aksiya iştirakçılarında böyük maraq oyadıb. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə - 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. İkimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var. Saraydakı şəbəkə-pəncərələr, ikinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüş və ov səhnələri xüsusilə diqqəti cəlb edir.
Tur-aksiya iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Məktəblilər qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi - Dairəvi Məbəd, Tarix-Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeyləri ilə də tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkib, şəhərin görməli yerlərini gəziblər.