Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib

23 noyabr 2017 | 03:11

Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 ili tamam olur. Keçilən yola nəzər salsaq, qazanılan uğurların fonunda bir daha ulu öndər Heydər Əliyevin vaxtilə böyük əminliklə söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrini xatırlamaq yerinə düşər. 25 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyası xalqın sevgisini, dəstəyini qazanıb.
Bu fikirlər Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə noyabrın 21-də Şəki şəhərində keçirilən yubiley tədbirində səsləndirilib.
YAP Şəki təşkilatının fəalları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Şəki Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində YAP Şəki təşkilatının sədri Həsən Həsənovun məruzəsi dinlənilib. Bildirilib ki, yaradılmasının 25-ci ildönümü qeyd olunan Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq, xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilib. Çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 25 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib.
Vurğulanıb ki, partiyanın 25 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. Partiyanın qüdrəti, şərəfi, sıralarının gündən-günə genişlənməsinin səbəbi ondadır ki, bu partiyanın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev olmuşdur. Partiyanın nüfuzu ondadır ki, bu siyasi birliyə hazırda Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Bildirilib ki, 109 ərazi ilk partiya təşkilatını özündə birləşdirən YAP Şəki təşkilatının hazırda 11 min 446 nəfər üzvü var. Partiya üzvlərinin 50,7 faizini qadınlar, 35,4 faizini isə gənclər təşkil edir.
Tədbirdə çıxış edənlər Azərbaycan dövlətçiyinin formalaşmasında, ictimai-siyasi sabitliyinin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər.
Sonra uzun illər YAP sıralarında səmərəli fəaliyyət göstərən bir qrup partiya fəalına fəxri fərmanlar, həmçinin partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.

Keçidlər