Şəkinin nümayəndə heyəti Fransanın Kolmar şəhərinə işgüzar səfər edib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Fransanın Kolmar şəhərinə səfər edib. Səfər Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun iki ölkə regionları arasında əlaqələrin inkişafı istiqamətində apardığı birgə fəaliyyətin uğurlu nəticəsində Kolmar və Şəki şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində reallaşıb.
Səfərin əsas məqsədi Kolmarın Milad bazarında ölkəmizin təmsil olunmasını təmin etmək, iki şəhər arasındakı münasibətlərin daha da genişləndirilməsi məqsədilə tədbirlər planına yenidən nəzər salmaq olub.
Kolmar şəhərinin meriyasında mer Jilber Meyerlə keçirilən görüşdə ikitərəfli əlaqələr və 2018-ci ilin fəaliyyət planı müzakirə edilib. Eləcə də təhsil sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi, Şəki və Kolmar məktəbləri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin keçdiyi tarixi yol haqqında məlumat verib, Şəki şəhərində görülən işlərdən danışıb, şəhərin YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsini xüsusi qeyd edib. Elxan Usubov Kolmar şəhərinin merini hər il Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında və Şəki Beynəlxalq Ənənəvi Şirniyyat Festivalında iştirak etməyə dəvət edib.
Kolmar şəhərinin meri Jilber Meyer indiyədək qurulmuş əlaqələrdən razı qaldığını bildirib, Şəkidə fransız dili dərslərinin tədrisi ilə məşğul olan Kolmar şəhərindən gələn müəllimlərdən danışıb, onların şəhər üçün etdiyi köməyi qeyd edib və bildirib ki, həmin müəllimlər Şəkidə onlara göstərilən diqqət və qayğıdan çox razıdırlar.
Görüşdə, həmçinin iqtisadi sahədə Şəkidə şərabçılığın inkişafında fransız təcrübəsinin öyrənilməsi və bu istiqamətdə müştərək müəssisələrin yaradılması, ipəkçilik və toxuculuq sahəsində əməkdaşlığın qurulması, ölkəmizin ixrac potensialının Fransada təşviqi, Şəkidə istehsal olunan lavand və qızılgül yağlarının Fransaya ixracı imkanlarının araşdırılması müzakirə edilib.
Eyni zamanda, turizm sahəsində ölkəmizin yeni istiqamət kimi tanıdılması üçün Fransa təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İki şəhər arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə tədbirlər planına uyğun olaraq Kolmar şəhərində böyük mütəfəkkir M.F Axundzadənin, Şəki şəhərində isə Kolmarda anadan olmuş görkəmli heykəltaraş Bartoldinin büstünün qoyulması qərara alınıb.
Görüşdə Fransadakı səfirliyimizin birinci katibi Tural Rəsulov da iştirak edib.