Şəkidə ilin sonunadək salınacaq yeni fındıq bağlarının sahəsi 726 hektara çatdırılacaq
Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrindən hesab olunan baramaçılığın, tütünçülüyün və qərzəkli meyvə istehsalının inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıq və göstərişlər, qəbul etdiyi mühüm qərarlar sayəsində ölkəmizdə bu sahələrin sürətli inkişafı üçün qısa müddətdə böyük işlər görülüb. Respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı aparılan uğurlu siyasət ölkənin bütün regionlarında olduğu kimi, Şəki rayonunda da öz bəhrəsini verməkdədir.
Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Şəki rayonunun kənd təsərrüfatı üçün də prioritet istiqamətlərdən biridir. 2016-cı ilə kimi rayonda cəmi 979 hektar sahədə fındıq bağı mövcud idi. Ötən ilin payız mövsümündə 724 hektar, cari ilin yazında isə 58 hektar yeni fındıq bağları salınmaqla, bağların ümumi sahəsi 1761 hektara çatdırılıb. Bu ilin sonunadək rayon ərazisində daha 726 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Yeni bağların salınacağı ərazilər artıq kol-kosdan təmizlənərək şumlanıb, çalalar qazılıb və torpaq tinglərin əkini üçün hazır vəziyyətə gətirilib.
Rayonun Biləcik, Aşağı Göynük, Baş Göynük və İnçə kəndlərində artıq fındıq tinglərinin əkininə də başlanılıb. Qısa müddətdə bu kəndlərdə 80 hektardan çox sahədə yeni fındıq bağları salınıb və bu iş sürətlə davam etdirilir.