Şriftin ölçüsü :

Saytın rəngi :

14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

14 iyul 2023 | 18:18

İyulun 14-də Şəki Şəhər İcra Hakimiyyətinin, YAP Şəki Rayon Təşkilatının və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün" mövzusunda toplantı keçirilib.

Şəhər ictimaiyyəti nümayəndələrinin, partiya fəallarının iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Şəki Rayon Təşkilatının sədr müavini Ziya Vəliyev toplantını giriş sözü ilə açaraq bildirib ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır.

Toplantıda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova çıxış edərək bildirib ki, 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü, uzaqgörən və qətiyyətli siyasəti sayəsində respublikamız ağır tənəzzül şəraitindən çıxaraq sürətli inkişaf və milli intibah dövrünə qədəm qoymuşdur. 

Qeyd olunub ki, müstəqilliyin ilk illərində Azərbaycanın ən çətin və taleyüklü dövründə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra da böyük idarəetmə təcrübəsinə malik və qlobal siyasi vəziyyəti düzgün qiymətləndirməyi bacaran Ulu Öndərimiz xilaskarlıq missiyasını şərəflə yerinə yetirərək milli qurtuluş salnaməsini yazmışdır.

Vurğulanıb ki, dahi şəxsiyyətin həyata keçirdiyi titanik fəaliyyətlərin nəticələri bu gün də müasir, müstəqil Azərbaycanın inkişafında və qüdrətlənməsində, dünyada nüfuzunun güclənməsində müstəsna rol oynayır. 

Tədbirin sonunda Ulu Öndər Heydər Əiyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Keçidlər