Şriftin ölçüsü :

Saytın rəngi :

PARKLARIMIZ, KÜÇƏ VƏ MEYDANLARIMIZ YENİDƏN QURULUR

02 sentyabr 2012 | 15:00

Xəbər verildiyi kimi, Şəkidə abadlıq və quruculuq işləri davam etdirilir. Şəhərin Heydər Əliyev prospektində, Salman Mümtaz küçəsində və M.F.Axundov adına parkda isə abadlıq-quruculuq işləri daha geniş vüsət alıb. Heydər Əliyev prospektinin 1,4 kilometr ərazisi Şəkinin milli memarlıq üslubu qorunmaqla yenidən qurulur.

Diqqət çəkən əsas məqam isə prospektin hər iki tərəfində yerləşən evlərin, ictimai binaların və sahibkarlıq obyektlərinin dam örtüklərinin əsaslı şəkildə yenilənməsidir. Hətta binaların üstündəki köhnə kirəmitlər də yuyulub təmizlənərək binalara yeni görkəm verilir. Prospektdə yerləşən evlərin giriş qapıları, darvazaları isə taxta materialla işlənərək, dekorativ daş və kərpiclərlə yeni divarlar inşa edilir. Artıq bu işlərin 80 faizi tamamlanıb.

Bundan əlavə, prospektdəki köhnə yerüstü qaz və elektrik xətləri yeraltı xətlərlə əvəzlənir. Artıq qaz xəttinin yenilənməsi ilə bağlı işlər yekunlaşıb. Prospektdə aparılan işlərə lazımı sayda texnika və işçi qüvvəsi cəlb olunub. Bu işlər yerli şirkətlər tərəfindən və şəhər icra hakimiyyətinin tədbirlər planına əsasən görülür. Bütün bu yeniliklər ərazi sakinlərinin ürəyincədir. Abadlıq işlərinin sentyabr ayının ortalarına kimi başa çatdırılması nəzərdə tutulub.

Salman Mümtaz küçəsinin hər iki tərəfində isə dekorativ divarlar ucaldılaraq Heydər Əliyev prospekti ilə kəsişdiyi yerdə geniş yol qovşağı yaradılır. Burada da tikinti işlərinin şəhərin milli memarlıq üslubuna uyğun şəkildə aparılmasına diqqət yetirilir.

Ümumi ərazisi 7,5 hektar olan Mirzə Fətəli Axundov adına mədəniyyət və istirahət parkında da təmir və bərpa işləri gedir. M.F.Axundov adına parkda idman və əyləncə meydançalarının tikintisi də nəzərdə tutulur. Tikinti işləri başa çatdıqdan sonra parkın ərazisində geniş yaşıllaşdırma və bəzək işləri aparılacaq. Həmin məqsəd üçün 2 min ədəd çinar, küknar, sərv ağac və bəzək kollarının əkilməsi üçün sifariş verilib və sifarişlərin bir qismi artıq gətirilib. Parkda uşaqların əylənməsi üçün attraksionlar quraşdırılacaq.

Şəhərin rəhbərliyi həm küçə və prospektdə, həm də parkda görülən işləri daim diqqət mərkəzində saxlayır. Belə ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mütəxəssislərlə birlikdə hər gün ərazilərdə olaraq görülən işlərlərin keyfiyyətinə diqqət yetirir, işdə yol verilən nöqsan və çatışmamazlıqların dərhal aradan qaldırılması üçün əlavə tapşırıq, göstəriş və tövsiyələr verir.

Keçidlər