Şəkinin Baş Zəyzid kəndində mövcud qaz xətləri təmir olunur
Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon Qaz İstismar Sahəsindən bildirmişlər ki, dağlıq ərazidə yerləşən Baş Zəyzid kəndinə uzun illər sonra təbii qazın verilməsini təmin etmək məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən daşıyıcı və kənddaxili qaz xətlərində təmir və bərpa işlərinə başlanılmışdır.
İşlər tam başa çatdıqdan sonra isə kənddə 900-ə yaxın abonent təbii qazdan istifadə etmək imkanı əldə edəcəkdir.
Birlikdən bildirmişlər ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, rayonun Aşağı Göynük, Suçma, Cəyirli, Sarıca, Böyük və Kiçik Dəhnə kəndlərinin 2013-cü ildə, digər kəndlərin isə mərhələlərlə qazlaşdırılması nəzərdə tutulmuşdur.