Şəki növbəti dəfə Prezident Kuboku uğrunda çövkən milli oyununa ev sahibliyi edəcək
Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan Şəkinin Daşüz kəndindəki Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda milli atüstü oyunların keçirilməsi artıq ənənə halını alıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu yarışlar xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə, həmçinin atçılıq turizminin təbliğinə və inkişafına xidmət edir.
Dekabrın 17-dən 20-dək Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda növbəti çövkən milli oyunu üzrə yarışlar keçiriləcək. Yarışlarda respublikamızın müxtəlif regionlarını təmsil edən komandalarla yanaşı, Bakı şəhərinin “Elit”, “Köhlən”, “Polad” və “Sərhədçi” komandalarının iştirakı da nəzərdə tutulur. Oyunun qaliblərinə nazirliyin diplom və pul mükafatları təqdim ediləcək.
Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.