Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların təsnifat mərhələsi başa çatıb
Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların təsnifat mərhələsinin oyunları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 20-də keçirilən dörddəbir final qarşılaşmalarından sonra yarımfinalçıların adları müəyyənləşib.
İlk olaraq meydançaya paytaxtın “Ömər” və Ağstafa komandaları çıxıb. Gərgin keçən oyun 1:0 hesabı ilə Ağstafa komandasının xeyrinə başa çatıb.
Dörddəbir finalın ikinci qarşılaşmasında Bakının “Polad” və “Elit” komandaları üz-üzə gəlib. “Polad” komandası rəqibinin qapısından 7 cavabsız top keçirərək, yarımfinala yüksəlib.
Digər iki qarşılaşmada isə nəticələr belə olub: İsmayıllı-Sərhədçi - 0:5, Ağcabədi-Gəncə - 6:0.
Beləliklə, Ağstafa, Ağcabədi, həmçinin Bakının “Polad” və “Sərhədçi” komandaları Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışların yarımfinalına vəsiqə qazanıblar.
Oyunların final mərhələsi Bakıda, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək. Dekabrın 23-də yarımfinal, dekabrın 24-də isə üçüncü yer uğrunda görüş və final qarşılaşması təşkil olunacaq.
Qeyd edək ki, dekabrın 17-də Şəkidəki Atçılıq Turizm Mərkəzində startı verilən Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlarda respublikamızın 8 regional mədəniyyət və turizm idarəsini və Bakı şəhərini təmsil edən 12 komanda mübarizə aparıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlar xalqımızın qədim tarixi ənənələrinin bərpasına və dirçəldilməsinə, həmçinin atçılıq turizminin təbliğinə və inkişafına xidmət edir.
Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.