Şəkidə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirəsi keçirilib
Təsərrüfatbaşına uçot sənədlərinin vaxtında və yüksək keyfiyyətlə tətbiq edilməsi ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir dekabrın 21-də Şəki şəhərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə keçirilən şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirəsində səsləndirilib.
“Marxal” müalicə-istirahət kompleksinin konfrans zalında keçirilən müşavirədə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının icra hakimiyyəti başçılarının aidiyyəti müavinləri, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli statistika idarələrinin rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.
Müşavirədə Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov çıxış edərək, Prezident İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, komitə tərəfindən ardıcıl islahatların həyata keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində 2013-cü ildən tətbiq edilən təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb. Təkmilləşdirilmiş nümunələr Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra çap etdirilərək respublikanın şəhər və rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılıb.
Komitənin rəsmisi qeyd edib ki, 2018-ci ilin yanvar ayından tətbiq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacaq. Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə isə bir sıra mühüm tədbirlər həyata keçiriləcək. Bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir.
Sonra Statistika Komitəsinin əhali statistikası şöbəsi müdirinin müavini Xaliq Nəsibov şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydalarını slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim edib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Firon Əliyev çıxış edərək, ərazi üzrə mühüm informasiya mənbəyi olan təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıblar.
İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələrinin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.