Şriftin ölçüsü :

Saytın rəngi :

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 50 illik yubileyi qeyd olunub

27 dekabr 2017 | 11:12

Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən olan Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasından 50 il ötür. Qoruğun ərazisindəki zəngin mədəni irs yalnız xalqımıza deyil, həmçinin bəşəriyyətə məxsusdur. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu Şəkidə tarixi-mədəni irs bu gün də layiqincə yaşadılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 26-da Şəki şəhərində “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasının 50 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə qoruğun ərazisində yerləşən, Azərbaycan memarlığının nadir incisi hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayını ziyarət ediblər. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və qonaqlar qoruğun ərazisini gəziblər.
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva ərazidə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra yubiley tədbiri “Marxal” müalicə-istirahət kompleksinin konfrans zalında davam etdirilib.
Şəhər ictimaiyyəti nümayəndələrinin, ziyalıların, qoruğun əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qədim dövlətçilik ənənələrinə, qədim tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində çox zəngin tarixi-mədəni irsin yarandığını bildirib. Qeyd olunub ki, bu gün Şəki şəhəri orta əsr şəhərlərinə məxsus şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan bənzəri olmayan bir məkandır.
Diqqətə çatdırılıb ki, Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarına əsasən, 1967-ci ildə yaradılıb. Qoruğun ümumi ərazisi 283 hektardır. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan dünya, ölkə və yerli əhəmiyyətli 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur.
Bildirilib ki, hazırda Şəki xanlarının sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Belə ki, 2017-ci il iyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya müzakirə olunub. Təqdim olunan nominasiya üzrə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Elxan Usubov qeyd edib ki, Şəki şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi barədə qərar şəhər ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanıb. Qərarın qəbul edilməsi Şəkinin beynəlxalq səviyyədə tanıdılması üçün atılan növbəti uğurlu addımlardan biridir. Təşkilatın bu qərarı son illər ölkəmizdə mədəni irsin qorunması və dünyada tanıdılması istiqamətində aparılan məqsədyönlü işin məntiqi nəticəsidir.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək, qoruğun əməkdaşlarını yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, qoruğun əməkdaşları öz yubileylərinə əliboş gəlməyiblər. Şəki bu gün həqiqətən də öz adına, zəngin tarixinə, mədəni irsinə, özünəməxsus ənənələrinə, tarixi abidələrinə, memarlıq üslubuna, şirin ləhcəsinə sadiq olan şəhərdir. Şəki tarixən Azərbaycanın mədəni mərkəzlərindən biri olub və bu ənənə indi də davam edir. Şəki, eyni zamanda, beynəlxalq tədbirlərin çox yüksək səviyyədə keçirildiyi bir şəhər kimi də tanınır.
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva çıxışında qoruğun özəlliklərindən bəhs edib. Bildirilib ki, qoruğun ərazisində yaşı 300-dən 700-dək olan 24 ədəd Xan çinarı var və bu ağaclar dövlət tərəfindən qorunur. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı” su kəmərindən indi də istifadə olunur. Yerli əhali bu gün də qədim ənənələrə sadiqdir. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır.
Vurğulanıb ki, qoruğun digər özəlliyi, dəyəri onun Azərbaycan mədəniyyətinə, incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adları ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sabit Rəhman, Bəxtiyar Vahabzadə, Şəfiqə Axundova, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə yazıçı, şair, incəsənət xadimi məhz bu ərazidə doğulub, yaşayıb-yaradıblar. Bu şəxsiyyətlərin bir çoxunun qoruğun ərazisində ev-muzeyləri var.
Hazırda qoruğun ərazisində onlarla sənətkarlıq emalatxanası fəaliyyət göstərir. Şəki sənətkarları tərəfindən 27 qədim sənət növü, o cümlədən şəbəkə, dulusçuluq, təkəlduz, xovlu tikmə, papaqçılıq, dabbaqlıq, ipəkçilik, nalbəndlik, misgərlik, dəmirçilik, zərgərlik və digər sənət növləri indiyədək qorunub saxlanılır, inkişaf etdirilir, gələcək nəsillərə çatdırılması üçün iş aparılır.
Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri, şair Vaqif Aslan çıxışında Şəkinin zəngin mədəni irsi ilə bağlı düşüncələrini diqqətə çatdırıb.
Mədəni irsin qorunması sahəsindəki xidmətlərinə görə qoruğun bir qrup əməkdaşına Şəki Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim edilib.
Sonra “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun veb-səhifəsinin təqdimatı olub.
Yubiley tədbiri konsert proqramı ilə başa çatıb.

Keçidlər