Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il münasibəti ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubovun təbriki

31 dekabr 2017 | 09:12

Hörmətli  xanımlar və cənablar! Əziz şəkililər !

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, sonra isə Azərbaycan Respublikasının Milli Məclisi 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik bayramı günü kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. Artıq 25 ildir ki, xalqımız dil, əqidə birliyinə əsaslanan milli, mənəvi bütövləşmə arzusunun təcəssümü olan bu günü ölkəmizin vətəndaşları və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız təntənəli şəkildə qeyd edirlər.
       Bu gün bütün dünya azəbaycanlıları fəxr edir ki, onların müstəqil, azad, suveren dövləti vardır. Ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün dünyada tanınan, iqtisadiyyatı dinamik inkişaf edən bir ölkəyə çevrilmişdir. Regionların sosial- iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla icra edilməsinin nəticəsidir ki, bu gün respublikamızın demək olar ki, bütün yaşayış məntəqələrinin, şəhər və kəndlərimizin siması əhəmiyyətli şəkildə dəyişmişdir.
     Hər il Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il ərəfəsində biz əldə olunan uğurlara sevinir və hər bir azərbaycanlı öz- özünə hesabat verir.
     Məhz bu baxımdan vurğulamaq istərdim ki, artıq respublikamız beynəlxalq arenada haqq səsini ucaltmaq, öz sözünü demək, dünyanın siyasi mənzərəsinə həlledici təsir göstərmək imkanları əldə etmişdir. Ölkəmiz bir çox transmilli, regional layihələrin həyata keçirilməsində əhəmiyyyətli rol oynayır. Qeyri- neft sektoru sürətlə inkişaf edir. Həyatımızın bütün sahələrində çox böyük nailiyyətlər əldə edilmiş, cənab Prezidentimizin imzaladığı çoxsaylı fərmanların nəticəsində əhaliyə verilən pensiyalar, sosial müavinətlər, əmək haqları bir neçə dəfə artmış, aztəminatlı ailələrin sosial müdafəsi istiqamətində xeyli iş görülmüşdür.
    2017-ci il Şəkimiz üçün də uğurlu olmuşdur.Vidalaşmağa hazırlaşdığımız bu ildə rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Ölkə başçısının müəyyən etdiyi aqrar siyasətin rayonumuzda uğurla həyata keçirilməsi üçün Şəki Şəhər İcra Hakimiyyəti bütün daxili imkanları səfərbər etmiş və kənd təsərrüfatı məhsulları istehsalının dinamik inkişafına nail olunmuşdur.     
       Rayonumuzda kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi, məhsul istehsalının artırılması  daim diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, baramaçılığın, tütünçılüyün, üzümçülüyün inkişafı üçün mütəmadi  tədbirlər həyata keçirilmişdir. Bu il taxıl sahələrindən 214 min ton taxıl istehsal olunmuş, hər hektardan orta məhsuldarlıq 33 sentner təşkil etmişdir.  “Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”  cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncam ölkəmizdə ipəkçiliyin müasir infrastrukturunun yaradılması, barama toxumçuluğunun təşkili istiqamətində atılan növbəti mühüm addım olmaqla yanaşı barama istehsalının dinamik inkişafında mühüm rol oynamışdır.  Rayonda 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyi halda, 2017-ci ildə istehsalın həcmi 18 tona çatdırılmışdır. Məhz ölkə başçısının  təşəbbüsü ilə həyata keçirilən operativ tədbirlər nəticəsində bu sahədə ciddi dönüş yaranmış, Şəki ipək kombinatı öz fəaliyyətini bərpa etmişdir.
       Son illərdə ölkə başçısı tərəfindən tütünçülüyün inkişafına göstərilən diqqət və qayğı nəticəsində  rayonumuzda tütünçülüyün inkişafında ciddi dönüş yaranmış, nəticədə, əgər, 2015-ci ildə rayonda cəmi 596 hektar sahədə tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 843 hektara çatdırılmışdır. Hazırda rayonun 11 kəndində 2 minə yaxın sakin tütünçülüklə məşğul olur. Qərzəkli meyvələrin vacib kənd təsərrüfatı məhsulu olması, təbabətdə və şirniyyat istehsalında önəmli rol oynaması, rentabelli olması və sair amillərə görə istehsalının genişləndirilməsinin vacibliyini nəzərə alaraq bu sahəhəyə xarici investorların cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır.  Cənab Prezidentimizin qarşıya qoyduğu vəzifədən irəli gələrək 2017-ci ildə rayonda fındıq bağlarının ümumi sahəsi 1761, 5 hektara çatdırılmışdır.
Bu gün şəhərimizin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi ən vacib vəzifəmiz hesab olunur. Məqsəd Şəkinin özünəməxsus memarlıq ənənələrini qoruyub saxlamaq  və regionun turizm potensialını daha da artırmaqdır.  Sevindirici haldır ki, ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində böyük diqqət yetirilir. Cənab Prezidentimiz İlham Əliyevin müvafiq fərman və sərəncamları, Azərbaycan Respublikasının birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın bu sahədə əməli fəaliyyəti  mühüm əhəmiyyətə malikdir.  Şəhərimizdə olarkən cənab Prezidentimiz demişdir:   ” Şəki qədim Azərbaycan diyarıdır. Şəkinin çox zəngin tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Bir çox şəhərlər memarlıq, yaxud da şəhərsalma baxımından bir-birinə oxşayır. Şəki elə şəhərdir ki, heç bir şəhərə oxşamır. Buranın gözəl təbiəti gözəl memarlığı və şəhərsalma prinsipləri ilə tamamlanır…. Şəki bizim böyük sərvətimizdir.  ”      
   Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmiş, “Aşağı Karvansaray” kompleksi, “Şəki xanlarının evi” bərpa olunmuş, ən müasir tələblərə cavab verən “Şəki Saray", “Sheki Palace” və “Yaffle İnn” mehmanxanaları, “Şəki Park” istirahət mərkəzi, “Marxal” Müalicə-İstirahət Kompleksi inşa edilmiş, ticarət və xidmət obyektləri istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür. Şəhərimizdə mütəmadi olaraq keçirilən beynəlxalq “İpək Yolu” musiqi festivalı, eləcə də şirniyyat, teatr, zərb alətləri festivalları xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanılmasında və təbliğində, eyni zamanda, şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır.
     Həyata keçirilən tədbirlər nəticəsində Şəki turistlər üçün cəlbedici məkana çevrilmiş, son beş ildə rayonu ziyarət edənlərin sayı yeddi dəfədən çox artaraq 150 min nəfərə çatmışdır. Bu işlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də “Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb. “Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisini və yolboyu ərazinin abadlaşdırılmasını nəzərdə tutan Sərəncam Şəki rayonunun mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi məqsədini  daşıyır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimiz qısa müddət ərzində şəhərimizin sosial- iqtisadi inkişafının sürətləndirilməsi və abadlıq- quruculuq işlərinin aparılması üçün 12 sərəncam imzalamışdır.
       Şərq memarlığının nadir incisi hesab olunan   “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nin   YUNESKO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparılır. Belə ki, 2017-ci ilin iyulun 2-dən 12-dək Polşanın Krakov şəhərində keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya  müzakirə olunmuşdur. Təqdim olunan nominasiya üzrə Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və YUNESKO yanındakı Daimi Nümayəndəliyin birgə səyləri nəticəsində Şəki şəhəri YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “sənətkarlıq və xalq yaradıcılığı” tematikası üzrə daxil edilmişdir.
    İcra hakimiyyəti tərəfindən şəhərimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür. Bu il Şəkinin xalq tətbiqi sənəti Fransanın Kolmar şəhərində keçirilən Milad bazarında nümayiş olunmuşdur. Mən noyabrda Türkiyənin Antalya şəhərində BMT-nin və Türk Əməkdaşlıq Şurasının birgə təşkilatçılığı ilə keçirilən Cənub- Cənub – 2017  EXPO  sərgisində iştirak etmişəm. Bu beynəlxalq tədbirdə ipək yolu üzərində yerləşən şəhərlərin turizm təcrübəsi müzakirə edilmişdir. Tədbirdə Şəkinin təqdimatı ən yaxşı nominasiya kimi qiymətləndirilmişdir. Qeyd etmək istəyirəm ki, tədbirdə Dünya Tarixi Şəhərlər Liqasına daxil olan 100-dən çox ölkədən 1000 nəfərdən artıq nümayəndə iştirak edirdi.
Şübhəsiz ki, qazanılan bütün uğurlarımız cənab Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Gəlin hamılıqla bu gözəl bayramlar ərəfəsində Şəkiyə və şəkililərə göstərdiyi həssas münasibətə, hədsiz diqqət və qayğıya görə bir daha möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımızı bildirək, ona can sağlığı, ailə səadəti və yeni- yeni uğurlar arzulayaq.
     Hörmətli şəkililər!
    Qarşıdan gələn ildə də rayonumuzda fəaliyyyət göstərən dövlət və özəl sektorların, ictimaiyyət nümayəndələrinin birgə səyi ilə regionların sosial- iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan digər vəzifələr də uğurla yerinə yetiriləcək, Şəkidə əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir.
     Bu bayram ərəfəsində müstəqilliyimizin əldə olunması və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, şəhid ailələrinə səbr , dözüm diləyirəm.
     Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində öz dədə- baba torpaqlarından qaçqın və məcburi köçkün düşərək rayonumuza pənah gətirmiş soydaşlarımıza üz tutaraq onların tezliklə doğma yurdlarına qayıtmasını arzu edirəm. Xalqımızın sabaha olan inamı güclüdür. İnanıram ki, bütün ölkədə olduğu kimi , Şəkidə də əhali yeni ildə cənab Prezidentimiz , hamımızın sevimlisi İlham Əliyevin ətrafında sıx birləşəcək, bütün dünya azərbaycanlılarının həmrəyliyi və birliyi daha da möhkəmlənəcəkdir.
    Əziz şəkililər!
Sizin hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hamınıza can sağlığı, xoş əhval- ruhiyyə və səadət arzulayıram.
    Yeni iliniz mübarək olsun!

Keçidlər