Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il şəkili heyvandarlara 114 min manata yaxın subsidiya ödənilib

09 yanvar 2018 | 08:01

Ötən il Şəki rayonu üzrə 1108 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 1139 baş buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə, 113 min 900 manat məbləğində subsidiya ödənilib. Eyni zamanda, dekabr ayında doğulmuş 218 baş buzova görə hesablanan 21 min 800 manat vəsaitin də yaxın vaxtlarda heyvan sahiblərinə ödənilməsi təmin ediləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki şəhər Kənd Təsərrüfatı İdarəsinin heyvandarlıq sektorunun baş məsləhətçisi Nazim Rəcəbov məlumat verib.
Subsidiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi Qaydası”na əsasən verilib.
İdarənin təmsilçisi deyib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən ən mühüm amillərdəndir. Ümumiyyətlə, 2017-ci ildə Şəki rayonunun şəxsi və fermer təsərrüfatlarında 5 min 801 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 2,2 dəfə və ya 3 min 129 baş çoxdur. “Bir sözlə, subsidiyaların verilməsi heyvan sahiblərinin süni mayalama tədbirlərinə marağını əhəmiyyətli dərəcədə artırıb”, - deyə baş məsləhətçi bildirib.
Hazırda Şəki rayonunda 12 nəfər süni mayalama üzrə mütəxəssis fəaliyyət göstərir.

Keçidlər