Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkili kəlağayı ustası: “ABAD”la əməkdaşlıq ailə gəlirlərimizin artması üçün geniş imkanlar açır

12 yanvar 2018 | 08:01

İpəkçilik ənənələrinin qorunub saxlandığı Şəkidə kəlağayı sənəti bütün dövrlərdə yerli sakinlərin həyatında və məişətində özünəməxsus yer tutub. UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən bu sənət Şəkidə nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb.
Şəkidə qədim kəlağayı sənətini yaşadan sənətkarlardan biri də Əmiraslan Şamilovdur. Şəkili kəlağayı ustası 10 aydır ki, “ABAD” ailəsinin üzvüdür. “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə - “ABAD”a qoşulmaqda əsas məqsədi istehsal etdiyi müxtəlif növ kəlağayıların Şəkidən kənarda da tanıdılmasına nail olmaq, daha geniş satış bazarına çıxmaq, eyni zamanda, gəlirlərini artırmaqdır.
Əmiraslan Şamilov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 48 ildir məşğul olduğu kəlağayıçılıq sənəti ona ulu babalarından keçib: “Atam Şövkət-Ziya Sərkərov Azərbaycanın ən tanınmış kəlağayı ustalarından biri olub. Bu sənətlə ailəliklə məşğul olmuşuq. O vaxtlar ipək istehsal etmək üçün ayrıca emalatxanamız vardı. Baramaaçan və toxucu dəzgahlarımız indi də durur. Yaş barama məhsulu tədarük edə bilsəm, hər ay 300 kiloqram ipək istehsal edərəm”.
Şəkili ustanın istehsal etdiyi kəlağayılar əsasən, “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin birinci mərtəbəsində yerləşən sənətkarlıq dükanlarından birində satışa çıxarılır. Xarici turistlər buta naxışı olan kəlağayıları həvəslə alırlar. Yay aylarında, xüsusilə bayram günlərində Şəkiyə gələn turistlərin sayı çoxaldığı üçün satışları da xeyli artır.
Sənətkarın bildirdiyinə görə, kəlağayının naxışlanması üçün taxta və dəmirdən hazırlanmış xüsusi qəliblərdən istifadə edilir. Ustada olan qəliblərin əksəriyyəti qədimdən qalmadır. Bu qəliblərdən birinin hətta 200-dək yaşı var. Vaxtilə həmin qəlib dəstində 15 ədəd qəlib olub, indi isə yalnız biri qalıb. Qəliblər hazırlanarkən milli ornamentlərə, xüsusilə buta formasında olan naxışlara üstünlük verilir. Ustanın son vaxtlar sifarışlə hazırlatdığı qəliblər arasında “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu olan narın, Qobustanın qayaüstü rəsmlərinin, muğam üçlüyünə aid tar, kamança və qavalın əks olunduğu qəliblərə də rast gəlmək mümkündür. Əmiraslan Şamilov kəlağayını naxışlayarkən müştərinin arzusuna uyğun olaraq belə qəliblərdən də istifadə edir.
Şəkili kəlağayı ustası 2015-ci və 2016-cı illərdə Heydər Əliyev Fondunun Fransanın paytaxtı Parisdə təşkil etdiyi “Azərbaycan şəhərciyi” çərçivəsində keçirilən sərgilərdə də iştirak edib. Onun istehsal etdiyi zərif kəlağayı nümunələri sərginin ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Əmiraslan Şamilov deyir ki, indiyədək “ABAD”-a 100-dən çox kəlağayı təqdim edib. Bu kəlağayılar “İçərişəhər”də və “ABAD”ın sənətkarlıq mərkəzində satışa çıxarılıb. “ABAD”a qoşulmaq sənətkarın ailə büdcəsinin formalaşmasına da müsbət təsir göstərib. Kəlağayı ustası bu əməkdaşlığı gələcəkdə daha da genişləndirmək fikrindədir.

Keçidlər