Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin heyvandarlıq kompleksində süd istehsalı 16 faizdən çox artıb

17 yanvar 2018 | 01:01

Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərən “Şəki Aqro İndastris” MMC-nin südlük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatında olan inəklərin hər birindən 2017-ci ildə orta hesabla 7 min 605 kiloqram süd sağılıb. Bu göstərici əvvəlki illə müqayisədə 974 kiloqram çoxdur. Gün ərzində hər inəkdən orta hesabla 20,8 kiloqram, yəni əvvəlki ildəkindən 2,6 kiloqram çox süd sağılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə MMC-nin direktoru Elşən Ağalarov məlumat verib.
Rayonda cins maldarlığın inkişafına mühüm töhfələr verən müəssisədə 2017-ci ildə ümumilikdə 3 min 578 kiloqram süd istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 16,3 faiz və ya 501 kiloqram çoxdur. Hazırda təsərrüfatda “Holştin-friz” cinsindən olan 1401 baş iribuynuzlu heyvan saxlanılır. Heyvanların sayı əvvəlki illə müqayisədə 109 baş artıb. Ötən il müəssisədə 522 baş buzov doğulub.
2008-ci ildə dövlətin maliyyə dəstəyi ilə yaradılan bu iri heyvandarlıq kompleksinə fermalar, sağım sexi, laboratoriya və yardımçı tikililər daxildir. Kompleksdə alman şirkətinin istehsal etdiyi bir mərkəzdən idarə olunan ən müasir avadanlıq quraşdırılıb. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südü sağılır.

Keçidlər