Ötən il Kiş alban məbədinə dünyanın 64 ölkəsindən turist gəlib
Kiş kəndindəki qədim alban məbədi ilin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin qonaqların, beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biridir. İl ərzində Kiş məbədinə dünyanın 64 ölkəsindən turist gəlib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova məlumat verib.
Xatırladaq ki, I əsrdə Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş alban məbədi bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilkgünbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü də qoyulub.
Kiş məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Məbədin yerləşdiyi ərazidə 2003-cü ildə Kiş Tarixi-Memarlıq Qoruq-Muzeyi yaradılıb. 2009-cu ildə isə muzeyə ayrıca qoruq statusu verilib.