Şəkidə şəhid ailələri ilə görüş keçirilib
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 18-də “Yaffle İnn” otelində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri ilə görüş keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin ”20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı haqqında” Sərəncamına uyğun olaraq keçirilən tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov bildirmişdir ki, 20 Yanvar müstəqillik və suverenlik uğrunda ümumxalq mübarizəsinə qalxmış Azərbaycanın azadlıq mübarizəsi tarixinin ən şanlı, eyni zamanda qanlı səhifələrindən biridir. 28 il əvvəl Qanlı Yanvar günlərində Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı qırğın törədildi. Bu, milli mənliyə, milli dəyərlərə, insanlığa qarşı bir cinayət idi.
Qeyd olunmuşdur ki, 20 Yanvar həm də xalqımızın suverenlik, azadlıq uğrunda mübarizəsinin rəmzidir, tank və silahlara sinə gərən oğullarımızın fəxr və şərəf günüdür.
Vurğulanmışdır ki, Prezident cənab İlham Əliyevin göstəriş və sərəncamları ilə Vətənin müstəqilliyi uğrunda sinəsini sipər etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələləri daim diqqətdə saxlanılır.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri dövlət tərəfindən göstərilən qayğıdan razı olduqlarını, dövlətçilik ətrafında sıx birləşdiklərini bildiriblər.
Sonra tədbir yemək süfrəsi ətrafında davam edib. Sonda şəhid ailələrinin üzvlərinə humanitar yardım göstərilib.