Şəkidə 20 Yanvar hadisələrinin idönümünə həsr edilmiş idman yarışları keçirilir
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Şəkidə müxtəlif idman yarışları keçirilir.
Qanlı 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar yanvarın 17-də Şəki şəhər 20 №-li tam orta məktəbin idman zalında Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə məktəblilər arasında voleybol turnirinin açılış mərasimi olmuşdur.
Tədbirdə əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Murad Abdurahmanzadə açmış, yarışın əsasnamə və keçirilmə qaydaları barədə yarış iştirakçılarına məlumat vermişdir. Sonra Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Hətəm Vəliyev çıxış edərək rəhbərlik etdiyi məktəbin idmançı şagirdlərinin həm rayon, həm respublika və həm də dünyamiqyaslı yarışlarda uğurlu çıxışlarından söz açmış, əldə olunmuş uğurlardan geniş danışmışdır. Şəki Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Anar Məmmədov çıxış edərək əvvəlcə tədbir iştirakçılarına Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın salamlarını çatdırmış, Qanlı 20 Yanvar hadisələrinin iyirmi səkkizinci ildönümünə ilə əlaqədar Şəkinin ümumtəhsil məktəblərində keçirilən tədbirlərdən söz açmış, idman yarışlarının əhəmiyyətini xüsusi qeyd etmişdir.
Sonra tədbir iştirakçıları yarışın açılış oyununu maraqla izləmişlər. Yarış 3 gün davam edəcəkdir.