Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar şəhidlərinin xatirəsi Şəkidə böyük ehtiramla anılıb

21 yanvar 2018 | 08:01

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən iyirmi səkkiz il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.
Faciənin ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərindəki “Şəhidlər xiyabanı”nda şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, müharibə və əmək veteranlarının iştirakı ilə ümumşəhər toplantısı keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olan bu faciənin xalqımızın qəhrəmanlıq salnaməsi, fəxarət və şərəf günü olduğunu vurğulayıblar. Bildirilib ki, həmin faciəli günlərdə öz xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Çıxışlarda vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib. Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayət xalq kütlələrini birləşdirib, onların mübarizliyini daha da artırıb.
Həmin gün şəhərdəki Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunub. Saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar şəhər icra hakimiyyəti tərəfindən şəhid ailələrinə maddi yardım göstərilib.

Keçidlər