Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir
Yanvarın 25-də Şəki Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Şəhər icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Həsənov yığıncaqda hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, icra hakimiyyəti başçısının 2012-ci il 7 dekabr tarixli sərəncamı ilə yaradılan və 2013-ci ilin yanvarından tam tərkibdə formalaşaraq fəaliyyətə başlayan nümayəndəlik öz işini təsdiq edilmiş perspektiv iş planları əsasında qurmuş və şəhərin müvafiq xidmət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərmişdir. 2017-ci il ərzində şəhərin 15 məhəlləsində şəhər icr ahkimiyyəti başçısının məhəllə sakinləri ilə səyyar görüşü təşkil edilmiş, sakinlərin şikayət və təklifləri dinlənilmişdir. Səyyar qəbul zamanı edilmiş müraciətlər əsasən yolların təmiri, yeni yaşayış massivlərinə təbii qazın verilməsi, köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsi, sosial obyektlərin təmiri və yenilərinin açılması, su problemlərinin həlli, torpaq və digər məsələlərlə bağlı olmuşdur.
Qeyd olunmuşdur ki, şəhərdə kommunal xidməti sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsinə diqqət artırılmışdır. Prospekt və küçələrdə istismar müddətlərini başa vurmuş qaz boruları yeniləri ilə əvəzlənmiş, istismara yararsız qaz tənzimləyici şkaflar dəyişdirilmiş, elektrik transfarmatorlarının təzələnməsi və təmiri ilə bağlı xeyli işlər görülmüşdür.
Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 2017-ci ilin Şəkinin iqtisadi və mədəni həyatında əlamətdar və yaddaqalan hadisələrlə zəngin olduğunu bildirmişdir. Füsunkar təbiəti, qədim tarixi abidələri ilə məşhur olan Şəkinin respublikanın turizm mərkəzlərindən birinə çevrildiyini vurğulayan icra hakimiyyətinin başçısı, bura gələn turistlərin sayının ilbəil artdığını, şəhərdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, festivalların keçirildiyini diqqətə çatdırmışdır.
E.Usubov Şəkidə həyata keçirilən layihələrdən söz açmış, qarşıda duran yeni vəzifələrdən bəhs etmiş, tapşırıq və tövsiyələrini vermişdir.