Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 50,9 kilometrlik xüsusi əhəmiyyətə malik avtomobil yolu yenidən qurulur

30 yanvar 2018 | 04:01

Şəki rayonunda xüsusi əhəmiyyətə malik, uzunluğu 50,9 kilometr olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, sözügedən yolun 21 kilometri respublika əhəmiyyətli R56 Kərimli avtomobil yoluna düşür. Odur ki, yolun bu hissəsi 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulacaq. Yolun hərəkət hissəsinin eni 7 metr, çiyinlərin eni 2,5 metr olmaqla, ümumi eni 12 metr təşkil edəcək.
Başlanğıcını M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 17-ci kilometrindən götürən Kərimli avtomobil yolu R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yoluna birləşməklə, bölgələri birləşdirmək baxımından xüsusi əhəmiyyətə malikdir.
Qeyd olunub ki, Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun qalan 29,9 kilometrlik hissəsi isə 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Burada yolun hərəkət hissəsi 7 metr, çiyinlər 2 metr olmaqla ümumi eni 10 metrdir.
Hazırda layihə çərçivəsində yol boyu yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və asfaltlanma işləri görüləcək. Ümumilikdə isə yolun 300 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
Bundan başqa, yol boyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənəcək, zəruri yerlərdə yeniləri inşa ediləcək. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dəmir boruların quraşdırılması, mövcud 2 körpünün isə əsaslı şəkildə təmiri planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Yenidənqurma işləri yol boyu yaşayan vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşınmasını asanlaşdıracaq. Həmçinin respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlararası məsafə dəfələrlə qısaldılacaq.
Xatırladaq ki, Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolu 11 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir.

Keçidlər