Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərin “Duluzlar” məhəlləsində səyyar qəbul

12 aprel 2013 | 15:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov aprelin 11-də şəhərin “Duluzlar” məhəlləsinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında məhəllə sakinləri, ictimaiyyətin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, müəssisə, idarə və təşkilat rəhbələri də iştirak etmişlər.
   Şəhər sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü, onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Qeyd edilmişdir ki, son illər  şəhərdə aparılan geniş tikinti, abadlıq və yenidənqurma işləri sakinlərin hədsiz sevincinə səbəb olmuş, onlarda doğma yurda bağlılıq hislərini artırmışdır. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə görüləcək işlərdən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
   Məhəllə nümayəndəsi  Mahmud Əhmədov, ərazidəki 4 saylı uşaq bağçasının müdiri Rəna Nemətova, sakinlərdən Gülarə Yunusova, Yaşar Süleymanov, Əflatun Cabarov, Cəvahir Kərimova, Pəricahan Bəşirova, Novruz Məmmədov və başqaları çıxış edərək məhəllə ərazisindəki arxların və səkilərin təmiri, uçub dağılmaqda olan su dəyirmanının bərpa olunması, uşaq bağçasının maddi-texniki təchizatının yaxşılaşdırılması, mərkəzi poliklinikanın oradakı filialı və 7 saylı məktəb üçün bina tikilməsi, “Ağ qaya” adlanan ərazidəki bağ sahələrinə gedən yolun bərpa olunması, şəhərdaxili nəqliyyat vasitələrində antisanitar vəziyyətin aradan qaldırılması, “Abdulxalıq” hamamının üst örtüyünün təmiri və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
   Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələrlə bağlı  ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, şəhərdə aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.

Keçidlər