Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seminarlar davam edir

21 fevral 2018 | 08:02

Aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinə hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə yerlərdə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üç günlük ixtisaslaşmış kurslar davam edir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı keçirilən kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsini artırmaq məqsədi daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 114 saylı Şəki kənd birinci seçki dairəsində keçirilən kursun ikinci günü əvvəlcə iştirakçılara seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılmasında yerli icra və bələdiyyə qurumlarının rolu barədə geniş məlumat verilib.
Məruzə ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov bildirib ki, ölkəmizdə dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Xalqın iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən seçkilərdə, həmçinin referendumlarda təzahürünü tapır. Azərbaycan dövləti ölkə vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə hər zaman təminat verir.
Sonra Şəki Şəhər-Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Vüqar Xəlilov “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu” mövzusunda məruzə ilə çıxış edib.
Seminarda dairə seçki komissiyasının sədri Məharət Məmmədov məntəqə seçki komissiyalarının sədrlərinə seçici siyahıları ilə işin aparılması qaydası barədə metodiki məlumatlar verib.

Keçidlər