Yaponiya hökumətinin dəstəyi ilə Şəkinin İnçə kəndində tibb məntəqəsi tikiləcək
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində tezliklə Şəki rayonunun İnçə kəndində yeni tibb məntəqəsinin tikintisinə başlanılacaq.
Martın 1-də Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksinin konfrans zalında Yaponiya hökumətinin maliyyə dəstəyi ilə reallaşacaq yeni layihə üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Keisuke Yamanaka iştirak edib.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanla Yaponiya arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Şəkidə ilk layihə 2000-ci ildə həyata keçirilib. Ötən müddət ərzində Yaponiya hökumətinin dəstəyi ilə Şəkidə ümumi dəyəri 1,5 milyon ABŞ dollarına yaxın olan 17 layihə reallaşıb. Bu layihələr məktəb tikintisi, uşaq bağçalarının təmiri, tibb, ekologiya, su təchizatı və digər sahələri əhatə edib. İmzalanacaq yeni layihə isə sayca on səkkizincidir.
Bu qədim diyara ilk dəfə səfər etdiyini vurğulayan səfirliyin müşaviri Keisuke Yamanaka Şəkinin əsrarəngiz təbiətə və geniş turizm potensialına malik olduğunu bildirib. Diplomat qeyd edib ki, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır.
Sonra Keisuke Yamanaka və “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin sədri Əlirza Məhərrəmov layihə üzrə qrant müqaviləsini imzalayıblar.
Dəyəri 90 min 692 ABŞ dolları olan layihənin icrası nəticəsində İnçə və ətraf kəndlərdə yaşayan əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti daha da yaxşılaşacaq.