Çin Xalq Respublikasının Baş prokuroru Şəkidə olmuşdur
Çin Xalq Respublikasının Baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminq Azərbaycana səfəri çərçivəsində Şəki şəhərində olmuşdur.
Çinin Baş prokurorunu və onun başçılıq etdiyi nümayəndə heyətini XVIII-XIX əsrlərə aid “Yuxarı Karvansara” mehmanxana kompleksinin önündə Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qarşılamışdır. Qonaqlara qədim Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, habelə hüquq mühafizə orqanlarının fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Çao Cianminq Azərbaycana səfərinin ölkəmizlə hüquqi sahədə əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıdığını diqqətə çatdırmışdır. Çinli qonaqlar abidənin həyətində yerli sənətkarların əl işlərinə baxmış, Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olmuşlar.
Baş prokuror Çao Cianminq və nümayəndə heyətinin üzvləri daha sonra şəhərin görməli yerlərini gəzmiş, tarixi-memarlıq abidələri ilə tanış olmuşlar. Şərq memarlığının nadir incisi hesab olunan, 1761-1762-ci illərdə inşa edilmiş Şəki xanlarının sarayı, habelə Qafqaz Albaniyasının ən qədim memarlıq abidəsi olan Kiş məbədi ilə tanışlıq çinli qonaqların böyük marağına səbəb olmuşdur.
Səfərin sonunda qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim edilmişdir.
Çinin Baş prokuroru və nümayəndə heyətinin üzvləri Şəkidən xoş təəssüratla ayrılmışlar.