Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyalı diplomat: Şəkidə mədəni irsin qorunmasına göstərilən diqqət çox xoşuma gəldi

02 mart 2018 | 10:03

Dörd aydır ki, Azərbaycandayam. Bu müddət ərzində əsasən paytaxt Bakıda fəaliyyət göstərdiyim üçün bölgələrə getmək imkanım olmayıb. Bu, mənim Azərbaycanın bölgələrinə ilk səfərimdir. Qax və Şəki rayonlarının gözəl təbiəti, uca dağları, gur sulu çayları məni heyran etdi. Bu bölgə ilə bağlı çox yaxşı təəssüratlarım yaranıb. Gələcəkdə bura yalnız iş üçün deyil, istirahətə gəlməyi də düşünürəm.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Keisuke Yamanaka Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Diplomat bildirib ki, Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi layihələr ölkələrimiz arasında uzun illərdən bəri davam edən dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Şəkidə olmağından məmnunluq hissi keçirdiyini vurğulayan yaponiyalı diplomat deyib: “Azərbaycanın qədim şəhərlərindən olan Şəkidə mədəni irsin, o cümlədən tarixi-memarlıq abidələrinin qorunub saxlanmasına göstərilən diqqət çox xoşuma gəldi. Deyilənə görə, Şəkinin çox zəngin mətbəxi var. Şəki, həm də, turistlərin ən çox üz tutduğu bölgələrdəndir”.
Keisuke Yamanaka səfirliklə şəhər icra hakimiyyəti arasında əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Keçidlər