Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki teatrında adıgey dramaturqunun əsəri səhnələşdirilib

08 mart 2018 | 03:03

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi sənətsevərlərə yeni səhnə əsərini – adıgey dramaturqu Bilal Appayevin “Gözəlləri necə qaçırdılar” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib. Tamaşaya ictimai baxışda şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, teatrsevərlər iştirak edib.
Teatrın 2018-ci il üçün repertuar planına daxil edilən tamaşanın quruluşçu rejissoru Arzu Əhmədova, rəssamı Nicat Məmmədli, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Ailə-məişət mövzusundan bəhs edən tamaşada əsas rolları Rəşad Rüstəmov, Günay Novruzəliyeva, Rəhim Qocayev, Nərmin Abbasova, Briliant Babayeva və başqaları ifa ediblər.
Teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yaradıcı kollektiv hazırda Novruz şənlikləri ilə əlaqədar bayram tamaşası üzərində məşqləri davam etdirir. Apreldə isə kollektiv türk dramaturqu Bayazit Gülercanın “Dəniz küləyi Lodos” əsəri üzərində məşqlərə başlayacaq.

Keçidlər