Şriftin ölçüsü :

Saytın rəngi :

Seçkilərin şəffaf keçirilməsi məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsindən çox asılıdır

16 mart 2018 | 01:03

Aprelin 11-nə təyin edilmiş prezident seçkilərinə hazırlıq çərçivəsində Şəki rayonunda fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər başa çatıb. Martın 12-də başlanan treninqlərə hər üç seçki dairəsi üzrə ümumilikdə 690 nəfər komissiya üzvü cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 113 saylı Şəki şəhər seçki dairəsində keçirilən treninqlərdə dairənin tərkibinə daxil olan 29 seçki məntəqəsinin 174 nəfər komissiya üzvü iştirak edib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş Tehran Əzizov və Elnur Mustafayev aparıblar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolların doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib.
Dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dairə üzrə seçicilərin ümumi sayı 37 min 414 nəfərdir. Onlardan 566 nəfəri ilk dəfə səs verəcək gənclərdir. Bütün məntəqələr lazımi texniki avadanlıq və məlumat kitabçaları ilə təchiz edilib.
114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə treninqlərə dairənin tərkibində olan 43 seçki məntəqəsindən 258 nəfər komissiya üzvü cəlb edilib. Dairə seçki komissiyasının üzvləri Azər Əhmədov və Adil Balacayevin tədris etdiyi məşğələlər zamanı vurğulanıb ki, seçkilərin demokratik və şəffaf keçirilməsi məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətindən çox asılıdır. Ona görə də, komissiya üzvləri öz peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını daha da artırmalı, seçki günü üzərlərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər.
Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 115 saylı Şəki kənd ikinci seçki dairəsində də mütəşəkkil qaydada keçirilib. Dairə seçki komissiyasının sədri Rasim Əzizovun bildirdiyinə görə, 4 gün davam edən treninqlərdə dairənin tərkibinə daxil olan 43 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri iştirak ediblər. Treninqlərin sonunda iştirakçılara MSK tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası və digər sənəd nümunələri təqdim olunub.
Maarifləndirici treninqlər bölgədə fəaliyyət göstərən 109 saylı Balakən, 110 saylı Zaqatala, 111 saylı Zaqatala-Balakən, 112 saylı Qax, 116 saylı Qəbələ və 117 saylı Oğuz-Qəbələ seçki dairələrində də uğurla başa çatıb.

Keçidlər