Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə tibbi müayinədən keçənlərin 92 nəfəri stasionar müalicəyə cəlb olunub

17 mart 2018 | 01:03

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Şəki rayonunda da uğurla icra olunur. Aksiya çərçivəsində mayın 12-dək rayon üzrə 18 yaşdan yuxarı 84 mindən çox insanın tibbi müayinədən keçirilməsi nəzərdə tutulur. Fevralın 12-də başlanan aksiyada artıq 24 minə yaxın sakin tibbi müayinədən keçərək öz sağlamlıqları barədə məlumat əldə ediblər.
Rayon mərkəzi xəstəxanasının konsultativ poliklinika şöbəsinin müdiri Nazim Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müayinələr əvvəlcədən tərtib olunan cədvəl əsasında həyata keçirilir. Şəki şəhəri, həmçinin üç kənd yaşayış məntəqəsi üzrə əhalinin pulsuz tibbi müayinəsi artıq yekunlaşıb. Bir neçə gün əvvəl digər kəndlərin əhalisi də bu xeyirxah aksiyaya qoşulub.
Poliklinika müdirinin verdiyi məlumata görə, indiyədək müayinədən keçənlərin 1396 nəfəri ambulator, 92 nəfər isə stasionar müalicəyə cəlb olunub. 24 nəfər daha geniş müayinə və müalicə almaq üçün paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Müayinələr təcrübəli həkim və orta tibb işçiləri tərəfindən aparılır. Poliklinikanın həkimi Etibar Kərimovun sözlərinə görə, müayinə olunanlar arasında ürək-damar, oynaq, arterial təzyiq və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edirlər. Belə xəstələrə müalicə təyin edilir, lazımi məsləhətlər verilir.

Keçidlər