Qərb bölgəsinin tarixi məkanları ilə tanışlıq Şəki məktəblilərinin ürəyincə olacaq
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şəki şəhərinin məktəblilərindən ibarət qruplar martın 26-da səhər saatlarında Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə respublikamızın qərb bölgəsinə yola salınıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki məktəblilərini yola salmaq üçün şəhər icra hakimiyyətinin binası qarşısına toplaşan icra hakimiyyətinin məsul işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini verib, onlara mənalı istirahət arzulayıblar.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Yolasalma mərasimində şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək artıq ənənəvi olaraq uğurla davam edən “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu tur-aksiya məktəblilərə ölkəmizin müxtəlif bölgələrinin tarixi məkanları və iqtisadiyyatı ilə yaxından tanış olmaq imkanı yaradır. Səyahət zamanı məktəblilər Gəncə, Şəmkir və Göygöl şəhərlərində Heydər Əliyev mərkəzlərini, muzeyləri ziyarət edəcək, tarixi abidələrlə tanış olacaq, bölgənin sosial-iqtisadi inkişafını, şəhər və rayonların yeniləşən simasını, son illər aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini öz gözləri ilə görəcəklər. Gəncə şəhərinin tarixi məkanları - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvi məqbərəsi ilə tanışlıq məktəblilərin ürəyincə olacaq.
Tur-aksiya iştirakçıları Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Gənclər Mərkəzi, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər.
Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Arzu Musayeva, 18 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Kamran Məmmədov və digər məktəblilər aksiyada iştirak etdiklərinə görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.
Müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yola düşüblər.