Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Kiçik Dəhnə kəndində 1761 abonentə ilk dəfə təbii qaz verilib

27 mart 2018 | 08:03

Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Martın 26-da rayonun Kiçik Dəhnə kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1761 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 180 min 600 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs ediblər. Bildirilib ki, bu ilin sonunadək rayonun Baş Küngüt və Çayqaraqoyunlu kəndlərinə də təbii qazın verilməsi təmin olunacaq.
Mərasimdə kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər