Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”: qədim Şəki doqquz rayonun məktəblilərini qəbul edib

28 mart 2018 | 01:03

Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şəki-Qəbələ-Zaqatala marşrutu üzrə hərəkət edən 9 rayonun – Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay, Qazax və Tovuzun məktəblilərindən ibarət qruplar şimal-qərb bölgəsinə ekskursiyanın birinci günü, martın 26-da günorta saatlarında qədim Şəkiyə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyətinin rəsmiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. 2017-ci ildə Şəkiyə 200 minə yaxın turist gəlib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər. Bildirilib ki, 2016-cı ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şəki şəhəri bu şərəfli vəzifəni layiqincə yerinə yetirib. 2017-ci ildə isə Şəki UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
Bildirilib ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. “Şəki-İpək” ASC bu gün Azərbaycanda ipəkçilik sənayesinin inkişafına çox böyük töhfələr verir.
“Marxal” müalicə-istirahət kompleksində yerləşən tur-aksiya iştirakçıları günün ikinci yarısında Şəkinin tarixi məkanları ilə tanış olublar. Doqquz rayonun məktəbliləri əvvəlcə şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Sonra tur-aksiya iştirakçıları qoruğun ərazisini gəziblər. Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır. Buradakı qədim fayton məktəblilərin xüsusi marağına səbəb olub. Bildirilib ki, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Yevlaxdan Şəkiyə məhz bu faytonla gəlib.
Məktəblilər, həmçinin qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbəd və Xalq Tətbiqi Sənəti Muzeyində də olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər.
İnşa tarixi XVIII əsrin sonuna aid edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər bu karvansarayda qalır, ticarətlə məşğul olurdular.
Səfər proqramına uyğun olaraq tur-aksiya iştirakçıları martın 27-də Qəbələ rayonunun tarixi məkanları ilə tanış olacaqlar.

Keçidlər