Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması istiqamətində iş davam etdirilir

31 mart 2018 | 04:03

Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən Şəki xanlarının sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında Azərbaycan tərəfindən təqdim edilən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın təşkilatın Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məsələ müzakirə olunmuşdu. Müzakirələrdən sonra Komitə tərəfindən nominasiya ilə bağlı “referral” qərar verilmişdi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 29-da Şəki şəhərində UNESCO-nun ekspertləri ilə şəhər rəhbərliyinin görüşü olub. Tədbirdə Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki, italiyalı memar, UNESCO-nun məsləhətçisi Pietro Laureano, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.
Görüşdə layihə ilə bağlı fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.
Qonaqlar əvvəlcə Şəkinin tarixi-mədəni irsinə dair sərgi ilə tanış olub, bu barədə film izləyiblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Şəkinin tarixi, mədəniyyəti, sənətkarlıq ənənələri və turizm potensialı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, 2016-cı ildə Şəki şəhəri TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Ötən il isə Şəki UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib.
Bildirilib ki, UNESCO-nun Ümumdünya İrs Komitəsi tərəfindən “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya ilə bağlı irəli sürülən tələblərə görə, Azərbaycan tərəfi təqdim olunmuş ərazinin konservasiya və qorunma mexanizmlərinin yaxşılaşdırılmasını və həyata keçirilməsini təmin etməli, monitorinq sistemini inkişaf etdirməli və digər öhdəlikləri yerinə yetirməlidir. Qeyd olunub ki, təqdim olunan nominasiya ilə bağlı 2017-ci ilin oktyabrında Mədəniyyət və Turizm Nazirliyində keçirilən müşavirədə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlər müəyyənləşdirilib. Belə ki, Şəki şəhərinin tarixi hissəsində yerləşən mədəni irs nümunələrinin mühafizəsinin təmin edilməsi, ərazidə bərpa, yenidənqurma, konservasiya, təmir, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, tarixi hissənin memarlıq dəyərinə və üslubuna xələl gətirən bəzi tikililərin uyğunlaşdırılması, mədəni irsə zərər vurulmasının qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.
Qonaqların diqqətinə çatdırılıb ki, hazırda “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində turizm imkanlarının daha da gücləndirilməsi istiqamətində iş aparılır. Burada mövcud infrastrukturun yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Eyni zamanda. ərazidə mövcud su və kanalizasiya sisteminin yenilənməsi prosesi həyata keçirilir.
Görüşdə Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki, UNESCO-nun məsləhətçisi Pietro Laureano, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov çıxış edərək, layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirib, təkliflərini bildiriblər.

Keçidlər