Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə məktəblilər arasında qalxanabənzər vəzin müayinəsi aparılıb

11 aprel 2018 | 07:04

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim və rezidentləri Şəki rayonunda “Endemik düyünlü urun profilaktikası məqsədi ilə məktəblilər arasında qalxanabənzər vəzin ultrasəs müayinəsi və sidikdə yodun ekskresiyasının miqdarının təyini” layihəsi çərçivəsində 15-17 yaşlı məktəblilər arasında qalxanabənzər vəzin xəstəliklərinin yayılma tezliyini araşdırmaq üçün müayinələr aparıblar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi Şəki, Quba və Qəbələ bölgələrində gənclər arasında kütləvi dispanzerizasiya aparmaq yolu ilə qalxanabənzər vəzin xəstəliklərinin yayılması səviyyəsinin öyrənilməsi, profilaktik-müalicə tədbirlərinin işlənilməsi, əhali və səhiyyə orqanları üçün praktik-metodik tövsiyələrin hazırlanmasıdır. Bununla yanaşı, patologiyaları vaxtında aşkar etməklə əhali arasında endemik düyünlü urun əmələgəlmə səbəbləri araşdırılacaq, qalxanabənzər vəzin digər xəstəliklərinin profilaktikası aparılacaq, alınan nəticələrə əsaslanaraq bölgə həkimləri üçün profilaktik tövsiyələr veriləcək.
Layihənin rəhbəri Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətovun verdiyi məlumata görə, layihə çərçivəsində 100-ə yaxın şagirdin qalxanabənzər vəzinin ultrasəs müayinəsi keçirilib. Müayinə nəticəsində həmin orqanda dəyişiklik aşkar edilən şagirdlərin sidiyində yodun miqdarını müəyyənləşdirmək üçün analiz aparılıb. Müayinə tədbirləri bölgədə endemik ur və yod çatmazlığı dərəcəsinin aşkarlanması üçün səmərəli profilaktik tədbirlərin işlənib hazırlanmasına kömək edəcək.

Keçidlər