Bu il Şəkidə 860 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur
Bu il Şəki rayonunun təsərrüfatlarında 860 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 354 hektar sahəyə şitil köçürüblər. Tütün əkininə 500-dən çox işçi cəlb olunub.
Fermerlər cari mövsümdə 677 hektar sahəyə “Virciniya” növlü ətirli, 183 hektar sahəyə isə yerli tütün sortları əkəcəklər.
Ötən il rayonun təsərrüfatlarında 843 hektar sahədə tütün yetişdirilib, 2631 ton quru tütün istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 190 ton artıb.
Hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini də mütəşəkkil davam etdirilir. İndiyədək 2 min hektara yaxın sahədə yazlıq bitkilər əkilib. Bu il rayonda yazlıq bitkilərin əkin sahəsinin 7 min hektara çatdırılması nəzərdə tutulur.