Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə “Sənin səsin-sənin seçimin” layihəsi çərçivəsində gənclər üçün maarifləndirici tədbir keçirilmişdir

18 aprel 2013 | 15:00

Aprelin 17-də Şəki şəhərində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı, şəhər gənclər və idman idarəsinin dəstəyi ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən “Sənin səsin – sənin seçimin” layihəsi çərçivəsində ilk dəfə səs verəcək gənclər üçün tədbir keçirilmişdir.
   Azərbaycan Müəllimlər İnstitutu Şəki filialında keçirilən tədbiri şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İskəndərov açaraq layihənin ilk dəfə səs verəcək gənclərin seçki qaydaları ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, habelə gənclərin seçkilərdə fəal iştirakına töhfə vermək məqsədi daşıdığını bildirmişdir.
   Layihənin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin rəhbəri Nurəddin Mehdiyev layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu il ölkəmizdə mühüm siyasi kampaniya–prezident seçkiləri keçiriləcəkdir. Azərbaycan Respublikasının qanunvericiliyi müasir dövlətlərin əksəriyyətində olduğu kimi, 18 yaşına çatmış bütün vətəndaşların fəal seçki hüququnun olduğunu nəzərdə tutur. Lakin onların bir çoxu seçki prosesində fəal seçki hüququndan istifadə etmir, passivlik və laqeydlik göstərirlər. Bu baxımdan layihənin həyata keçirilməsi aktuallıq kəsb edir.
   Bir gün davam edən seminarda seçkilərin məqsədi və rolu, seçki sistemləri: beynəlxalq təcrübə və Azərbaycan, Seçki Məcəlləsi Azərbaycanda ədalətli və demokratik seçkilərin təminatı kimi, seçki hüququ və onun təminatları, seçicilərin vəzifələri, seçkilərin təşkili və keçirilməsi, səsvermə günü seçki hərəkətləri, səsvermə qaydası və digər mövzularda məruzələr dinlənilmişdir.
Seminarda, həmçinin seçki maarifləndirilməsi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilmiş, seçki hərəkətləri ilə bağlı simulyasiya oyunları təşkil olunmuşdur.
   Tədbirin sonunda iştirakçılara İctimai Birlik tərəfindən hazırlanmış “Seçki təlimat jurnalı”, “İlk dəfə səs verən gənclər üçün yaddaş kitabçası”, təsvirli köynək, buklet və cib təqvimləri paylanılmışdır.
   Layihə çərçivəsində açılmış “Sənin səsin – sənin seçimin” adlı facebook səhifəsi vasitəsilə də ilk dəfə səs verən gənclərin maarifləndirilməsi işi həyata keçiriləcəkdir.

Keçidlər