Norveç Krallığının səfiri Şəkidə mədəni irsin qorunmasına göstərilən qayğını yüksək qiymətləndirib
Norveç Krallığının ölkəmizdəki səfiri Bord İvar Svendsen mayın 11-12-də Şəkiyə səfəri çərçivəsində bu qədim diyarın tarixi məkanları ilə tanış olub, şəhərin görməli yerlərini gəzib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, norveçli diplomatın Şəki ilə tanışlığı Kiş kəndində yerləşən qədim alban məbədini ziyarətlə başlayıb. Səfir və onu müşayiət edən şəxslər abidənin həyətində şəhər rəhbərliyi tərəfindən səmimiyyətlə qarşılanıb.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov norveçli qonaqlara Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Qonaqların diqqətinə çatdırılıb ki, bu məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk gümbəzli, zal tipli məbəddir. Bildirilib ki, 2001-ci ildə abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. 2008-ci ildə məbədin yaxınlığında məşhur səyyahın büstü də qoyulub. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Səfir Bord İvar Svendsen bildirib ki, Şəkidə bir neçə dəfə olsa da, bu qədim diyara rəsmi qaydada ilk dəfə səfər edir və əsas məqsədi Şəkidə gedən inkişaf prosesi ilə daha yaxından tanış olmaqdır. Norveçli diplomat Şəkidə tarixi-mədəni irsin qorunub saxlanılmasına göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.
Sonra qonaqlar Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinin norveçli müəllif xanım Ragnhild Thori tərəfindən yazılmış sadə variantı əsasında Şəki məktəblilərinin hazırladığı proqrama tamaşa ediblər.
Tədbirin sonunda qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunub.
Şəkiyə səfəri çərçivəsində Norveç Krallığının səfiri Şəki xanlarının sarayı və “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olub.