Daxili işlər naziri Şəki Şəhər Polis Şöbəsində vətəndaşlarla növbəti qəbul keçirmişdir
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar aprelin 19-da və 20-də Şəki Şəhər Polis Şöbəsində vətəndaşlarla növbəti qəbul keçirmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən görüşdə Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ rayonlarının sakinləri, eyni zamanda, bu bölgədə məskunlaşmış Kəlbəcər, Laçın və Xocalıdan olan məcburi köçkünlər iştirak etmişlər. Nazir vətəndaşların rəy və təkliflərini dinləmiş, onların müraciətlərinin operativ şəkildə həll edilməsi üçün aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir.
Qəbulda iştirak etmiş 61 nəfərin müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmış, polisin fəaliyyətinə aid olmayan 15 ərizəyə baxılması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı, onların obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi sakinlərin nəzərinə çatdırılmışdır.
Bölgə sakinləri və məcburi köçkünlər Azərbaycan Prezidenti İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinə yerlərdə vətəndaşlarla görüşlərin keçirmələri, müraciətlərə, ərizə və şikayətlərə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığını dəstəklədiklərini, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərdiyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.