Festivalda Şuşa teatrı tamaşaçılara M.F.Axundzadənin komediyasını təqdim edib
III Şəki Beynəlxalq Teatr Festivalının ikinci günü tamaşaçılara Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa teatrı bu gün, həm də, bu qədim diyarın zəngin tarixə malik teatr ənənələrini yaşadır. Bu ənənələrdən biri də teatrın fəaliyyətində Azərbaycan milli dramaturgiyasının banisi M.F.Azundzadənin yaradıcılığına geniş yer ayrılmasıdır. Teatrın yaradıcı kollektivi Şəkidə keçirilən birinci teatr festivalında da tamaşaçılara görkəmli dramaturqun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasını təqdim etmişdi.
Şəkili teatrsevərlərə təqdim olunan birhissəli tamaşanın müəllifi teatrın baş rejissoru, Əməkdar Artist Loğman Kərimovdur.
Əsərin müsbət qəhrəmanı Şahbaz bəy XIX əsrdə Azərbaycan ədəbiyyatında yenilikçi meylləri özündə cəmləşdirən bir surətdir. Şahbaz bəy elmin, təhsilin əhəmiyyətini yaxşı başa düşdüyünə görə daim işıqlı arzularla yaşayır, təhsilini və dünyagörüşünü artırmaq üçün Fransaya getmək istəyir. Onu bu həyatda hər şey sıxır. Şahbaz bəy bu cansıxıcı patriarxal həyatdan uzaqlaşmaq üçün yollar axtarır. Çıxış yolunu Qarabağa gələn fransalı alim Müsyö Jordana qoşulub Avropaya getməkdə görür. Lakin, həm ailədaxili, həm də dərviş Məstəli şahla Şahbaz bəy arasında baş verən hadisələr gənc mülkədarın Parisə getməsinə ciddi əngəllər törədir.
Tamaşada əsas rolları teatrın aktyorları Teymur Məmmədov (Müsyö Jordan), Məmməd Məmmədov (dərviş Məstəli şah), Püstəxanım Zeynalova (Şəhrəbanu xanım), Hamlet Qənbərov (Hatəmxan ağa), Yaşar Muradov (Şahbaz) və başqaları oynayıblar.
Sonda kollektivə festivalın təşkilatçıları adından hədiyyə təqdim edilib.
Festivalın proqramına uyğun olaraq mayın 14-də axşam saatlarında teatrın səhnəsində Şəki Dövlət Dram Teatrının hazırladığı türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri oynanılacaq.