Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq festivalda türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri oynanılıb

16 may 2018 | 08:05

Uğurla davam edən “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının üçüncü günündə - mayın 14-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı teatrsevərlərə təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlinin quruluş verdiyi tamaşada əsas rolları Əməkdar artistlər İqrar Salamov, Xanlar Həşimzadə, aktyorlar Lalə Məmməd, Fidan Lətifova, Pərviz İsmayılov, Akif Yusifov, Nərmin Abbasova və başqaları ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Günel Xasməmmədova, rəqslərin quruluşu isə Çingiz Novruzəliyevindir.
Əsərdə hadisələr Türkiyənin ucqar bir əyalətində baş verir. Ərinin kasıb kənddə bir qız uşağı ilə qoyub getdiyi Pəmbə arvad ümidsizliyin pəncəsində qıvrılır. O, xarici ölkəyə qazanc dalınca getmiş ərinin arxasınca yollanmaq fikrinə düşür. Lakin ərinin uzaqlarda varlı qadınla evləndiyini bildikdə son ümidini də itirir. Pəmbənin ərinə olan kini artıq bütün kişilərə qarşı çevrilir və o, qızı Zeynəbi heç kimə ərə vermək istəmir. Qız qoşulub qaçmaq istəyərkən ana şüursuz şəkildə ağıla gəlməyən bir işə əl atır, qızına atəş açır…
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.
Mayın 15-də axşam saatlarında Şəki teatrında Rusiyadan gəlmiş “Yaradıci qrup“ Kazan Mədəni Təşəbbüslər Fondu “Əlif” tamaşasını təqdim edəcək.

Keçidlər