Teatrşünas Aydın Talıbzadə: Festivallar Şəkinin qədimliyinə avanqard, modern əhval-ruhiyyə gətirir
Şəkiyə hər dəfə böyük həvəslə gəlirəm. Festivala gələndə isə əhval-ruhiyyəm daha da yaxşılaşır. Bu festivallar Şəkinin qədimliyinə çox yaraşır, bu qədimliyə avanqard, modern əhval-ruhiyyə gətirir.
Bu sözləri III Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı, teatrşünas, Əməkdar İncəsənət Xadimi Aydın Talıbzadə Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Şəki festivalının ölkənin teatr mədəniyyətinin inkişafı üçün bir stimul olduğunu vurğulayan teatrşünas bildirib ki, bu festival Azərbaycan mədəniyyətinə gözəl ideyalar bəxş etmək iqtidarındadır. “İncəsənətin istər kino, istərsə də teatr, musiqi sahələri olsun, fərq etməz, orada festival varsa, bu, artıq bir hadisədir. Bu, ideyaların bir-biri ilə təmasıdır, hansı ki, ona ehtiyac var. Əgər festival belə bir imkan yaradırsa, o, mütləq şəkildə uğurlu başlanğıca xidmət edir. Ona görə də Şəki Beynəlxalq Teatr Festivalının davamlı olacağına əminəm”, - deyə Aydın Talıbzadə vurğulayıb.