Loğman Kərimov: Teatr sənətinin gücü ondadır ki, tamaşalarda dil əsas rol oynamır
Teatr sənətinin gücü ondadır ki, tamaşalarda dil əsas rol oynamır. Biz beynəlxalq teatr festivalının açılışında İran teatrının Şekspirin “Maqbet” əsəri əsasında hazırladığı tamaşanı izlədik. Tamaşa fars dilində oynanılsa da, bütün zal əsərdə cərəyan edən hadisələri qəbul edə, qavraya bildi. Bax, teatrın gücü bundadır.
Bu sözləri III Şəki Beynəlxalq Teatr Festivalının iştirakçısı, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar Artist Loğman Kərimov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Şəki festivalında artıq ikinci dəfədir iştirak etdiklərini xatırladan baş rejissor 2014-cü ildə keçirilən birinci festivalda olduğu kimi, bu dəfə də Şəkiyə adı bu torpaqla bağlı olan görkəmli mütəfəkkir, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin komediyası ilə gəldiklərini bildirib.
Festivalın Azərbaycan teatr sənətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirən Loğman Kərimov deyib: “Belə festivallar teatrların özləri, aktyor və rejissorları üçün də böyük məna kəsb edir. Biz görürük ki, İran, Kolumbiya, Meksika və digər ölkələrdən gəlmiş teatrlar tamaşaları hansı üslubda hazırlayırlar. Eyni zamanda, onlar da bizim rejissor və aktyorların iş üslubu ilə tanış olurlar. Belə təcrübə mübadiləsi teatrların gələcək fəaliyyətinə çox yaxşı təsir göstərir”.